Mehman Hüseynov tapıldı - HƏBS OLUNUR VİDEO

Mehman Hüseynov tapıldı - HƏBS OLUNUR VİDEO

Məhkəməyə aparılıb

Bloqqer Mehman Hüseynovu 22-ci polis bölməsinin saxladığı bildirilir. Criminal.az saytı xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov özünün Facebook səhifəsində yazıb. «Nəsimi polisindən dedilər ki, indi Nəsimi Rayon Məhkəməsinə aparıblar. Gedirəm ora»,-deyə vəkil yazır. 

M/Hwseynov İnzibati Xətalar Məcəlləsinin 535.1 ci maddəsi (polisin qanuni əmrinə tabe olmama) ilə tutulub.

«Mehman Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi-polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılır. Ondan guya bir nəfər şikayət edib. Həmin adam deyib ki, «Torqovı»da işə düzəlməyə gedərkən, yolda Mehman ona çiyni ilə toxunub. Bunun səbəbini soruşduqda onu söyüb. Sonra polis çağırıblar».

Bunu jurnalistlərə vəkil Elçin Sadıqov deyib. O bildirib ki, hələ Mehman Hüseynovla görüşə bilməyib: «Hakim polisə dedi ki, Mehman Hüseynovu vəkillə görüşdürün. Ancaq polis şərait yaratmadı».

Vəkil deyib ki, həmin maddə ilə Mehman Hüseynovu 30 sutka inzibati həbs və ya cərimə gözləyir.

'Dövlət qurumları cinayət şəbəkəsi kimi fəaliyyət göstərir'

«Səbəb nə göstərilir, göstərilsin, Mehman Hüseynov bloqqer fəaliyyətinə görə saxlanılıb». Media hüquqları üzrə ekspert Ələsgər Məmmədli belə deyir. «Mehman sıradan bir adam deyil, ictimai rəyə təsir edən bloqqerdir, onun hər videosu son aylarda ictimai rəy yaradıb. İri məmurlar, nazirlərlə bağlı korrupsiya faktlarını açıqlayıb, amma bunların böyük hissəsi araşdırılmayıb», – hüquqşünas söyləyir.

Ələsgər Məmmədli

Ələsgər Məmmədli

O hesab edir ki, bu hadisə idarəetmədə və təhlükəsizliklə bağlı ciddi problemlər olduğunu göstərir: «Bir ölkədə Daxili İşlər Nazirliyinə müraciət edilir və onun mətbuat xidməti «Biz də axtarırıq» deyirsə, bu, ciddi problemdir. Vətəndaşın təhlükəsizliyi dövlətə əmanətdir, o məsuliyyət daşıyır».

Hüquqşünasın sözlərinə görə, Mehman Hüseynovun 14-15 saatdan sonra polisdə olmasının üzə çıxması da yaxşı hal deyil: «BMT-nin 2006-cı ildə qəbul edilmiş məcburi yoxaçıxmalarla bağlı konvensiyası var, orda dövlət orqanlarının bu tip insanları oğurlayıb xəbər verməməsi cinayət əməli sayılır. Azərbaycan da BMT üzvü olduğu üçün bu konvensiyaya hörmətlə yanaşmalıdır. Yəni, Mehman Hüseynovun polis tərəfindən saxlanılmasının sonradan üzə çıxması dövlət qurumlarının cinayət şəbəkəsi kimi fəaliyyət göstərməsinin sübutudur».

Criminal.az

Buna da bax: Blogger Mehman Hüseynov yoxa çıxıb - qardaşı danışdı