Quldurlara 300 min dollar verdi, "200 dollar əskikdir" dedilər

Quldurlara 300 min dollar verdi, "200 dollar əskikdir" dedilər
“O hadisədən sonra maddi vəziyyətim ağırlaşdı. Hələ də borclardan yaxa qurtara bilmirəm. Dubaydan aldığım maşınımı da, sexdəki avadanlıqlarımın bir hissəsini də satdım, xeyri olmadı. Borclarımı qaytarmaq üçün “Parabank”dan 50 min dollar, “VTB Bank”dan 90 min dollar kredit götürdüm”.
 
Bunu ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin baş idarənin sabiq rəis müavini Fizuli Əliyev və digərlərinin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınan sahibkar Rauf Həsənov deyib.
 
“Zərgər yoldaşlarım deyirdi ki, MTN bu sahəni inhisara götürüb”
 
Zərərçəkmiş qismində dindirilən Rauf Həsənov ifadəsində göstərib ki, əvvəllər Yasamal rayonunda yerləşən “Remtoçmex” deyilən müəssisədə zərgərlik məmulatları üzrə usta işləyib. 1995-ci ildən etibarən Mərkəzi Univermaqda zərgərlik fəaliyyəti ilə məşğul olub. Dubaydan və Türkiyədən gətirdiyi qızılları Bakıda icarəyə götürdüyü mağazada satıb. Bir müddət sonra Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, 14-də kiçik zərgərlik emalatxanası açıb. Təxminən 2010-cu ildə zərgər yoldaşlarından eşidib ki, MTN-də yüksək vəzifədə işləyən Fizuli Əliyev vasitəsilə bu nazirliyin rəhbərliyi zərgərlik sahəsini inhisara götürüb, bu işə özləri nəzarət edirlər. Elə həmin ilin yay aylarında onun nömrəsinə Fizuli Əliyev zəng vuraraq “20 Yanvar” metrostansiyasına gəlməyi tapşırıb:
 
”Zəng vuran şəxs dedi ki, MTN əməkdaşıyam, gəl “20 Yanvar”da görüşək, mən də getdim. Onunla “Şamaxinka” ərazisində görüşdük. Orada hədə-qorxu gələrək qızıl qaçaqmalçılığı ilə məşğul olduğumu, məni həbs edəcəyini, sabah MTN-ə gəlməyimi tapşırdı. Ertəsi gün MTN-ə getdim. Füzuli Əliyev məni giriş qapısında qarşıladı, kabinetinə apardı. Xaricdən qaçaqmalıçılıq yolu ilə ölkəyə brilyant gətirməkdə təqsirləndirərək həbs olunacağımı dedi”.
 
“Həbs olunmaqla hədələdi, telefonumu dinlədiklərini dedi”
 
R.Həsənov MTN əməkdaşına belə bir əməl törətmədiyini dedikdə “telefonlarına qulaq asılıb” cavabını alıb: ”Həmin ərəfədə Dubaydan özümə “Land Cruiser” markalı avtomaşın almışdım. Qayıdandan sonra adını xatırlamadığım bir nəfər zəng vurub Dubaydan ona brilyant qaşlar göndərildiyini dedi. Mən də “göndərib, gəlin, baxarıq” demişdim. Bu danışığı da Fizuligil izləyibmiş. Məhz bu danışığa görə Fizuli Əliyev məndən 100 min dollar tələb etdi. Heç bir ittiham, fakt irəli sürmədilər. Yaranmış vəziyyətdən qorxduğum üçün ona həmin pulu çalışıb verəcəyimi dedim ki, məni buraxsın. Amma o qədər pulu verməyə maddi imkanım yox idi”.
 
MTN-də aparılan sövdələşmə
 
MTN-də aparılan bu sövdələşmədən sonra R.Həsənov evə buraxılıb. Bir neçə gün dost-tanışa ağız açsa da, sözügedən məbləği toplaya bilməyib. Təxminən 15-20 gündən sonra qohumlarından birinin dəfn mərasimindən ofisə qayıdarkən sexə çatmamış bir nəfər qarşısını kəsərək mobil telefonunu və açarları istəyib. R.Həsənov ondan kim olduğunu soruşduqda, həmin şəxs ona MTN-in Səbail rayon şöbəsinin binasını göstərərək ora getməyi tələb edib. Məcbur olub açarları və telefonu təhvil verib: “Onunla birlikdə piyada həmin şöbəyə getdim. Fizuli Əliyev orada idi. Onlar məni MTN-in istintaq idarəsinə gətirdilər. Orada Yasin adlı müstəntiq sənəd göstərib həbs olunduğumu, buraxılmağım üçün 500 min dollar gətirməyimi istədi. Günahsız olduğumu, o qədər pulum olmadığını söylədim. Əksinə, məbləği artırdılar, 600 min gətirəməyimi tələb etdilər. Nəhayət, hədə-qorxu, təzyiqlərdən sonra öz rəisləri ilə danışdıqlarını, 300 min dollara razılaşdıqlarını dedilər. Bununla belə, evimdə axtarış aparacaqlarını da söylədilər. Onlara dedim ki, anam xəstədir, belə şey etməsinlər. Mənə sənəd yazdırıb imza atdırdılar”.
 
“300 min dolları Füzuli Əliyevə verdim”
 
MTN əməkdaşları sahibkara səhər tezdən banklar açılan kimi 300 min dollar kredit götürüb onlara gətirməyi “məsləhət görüblər”. Onun da qorxusundan deyilənlərlə razılaşmaqdan başqa çarəsi qalmayıb. Bundan sonra sahibkarı sərbəst buraxıblar.
 
Həmin gecə bütün qohumlardan, dostlardan pul toplayıb və ertəsi gün MTN-ə aparıb: “Pulun bir hissəsini anam qohum-əqrabadan yığmışdı. Bu hadisədən sonra sarsıntı keçirən anam rəhmətə getdi. Pulun 20 min dollarını isə dostum Rizvandan almışdım. Pulu Füzuliyə Mərkəzi Klinik Xəstəxananın yanında vermişəm. Füzuli sellofan torbadakı 300 min dolları alıb məni sərbəst buraxdı və bu barədə heç kimə heç nə deməməyi tapşırdı”.
 
“Pulun üstündən 200 dollar çatmadığını dedilər”
 
Ən qəribəsi odur ki, tələb olunan məbləği verib canını qurtaran sahibkar evə qayıdandan sonra ona yenidən zəng vurub pulun üstündən 200 dollar çatmadığını deyiblər. Yenidən MTN-ə qayıdaraq həmin məbləği də verib. Bu məsələdən sonra onun maddi vəziyyəti ağırlaşıb:
 
“Hələ də borcdan qurtara bilmirəm. Dubaydan aldığım maşınımı da, sexdəki avadanlıqlarımın bir hissəsini də satdım, yenə xeyri olmadı, Borclarımı ödəmək üçün “Parabank”dan 50 min dollar, “VTB Bank”dan 90 min dollar kredit götürdüm”. (qaynarinfo)
 
Criminal.az



Loading...


loading...
Loading...
loading...

Oxşar xəbərlər