Rusiyada azərbaycanlı Sadıqovlar ailəsinin saxta araq biznesi çökdü

Rusiyada azərbaycanlı Sadıqovlar ailəsinin saxta araq biznesi çökdü

Rusiyanın Zabaykalye diyar məhkəməsi Çita şəhərinin beş sakininə - dörd kişiyə və bir qadına hökm oxuyub.

Virtualaz.org məhkəmə materiallarına istinadən xəbər verir ki, 2015-2016-cı illərdə Elçin Sadıqov Çita şəhərində hər ay 1 tona yaxın texniki spirti (metanol) içki spirti (etanol) adı ilə təqdim edərək satırmış.

E.Sadıqov su ilə qarışdırılmış texniki spirti şüşələrə dolduraraq araq kimi satışa çıxarıb. “Sadıqov icarəyə götürdüyü evdə gizli araq istehsalı sexi açıb. O, zəruri sayda araq şüşəsi, qapaq, etiket və saxta aksiz markaları alaraq, həyat üçün təhlükəli olan maddəni araq adı ilə satışa çıxarıb”, - diyar İstintaq Komitəsinin məlumatında belə deyilir. Elçin Sadıqov bu işə qardaşı oğlu Yunis Sadıqovu da cəlb edib.

Bundan başqa, sexdə Sadıqovun iki kişi tanışı və bir qadın çalışıblar. Onların kimliyi barədə məlumat verilmir. “Saxta məhsullar “Beryozka” və “Rjanaya” markaları altında satılırmış. 2015-ci ilin dekabr ayından 2016-cı ilin aprel ayına kimi Sadıqov bu üsulla 5 mindən çox şüşə arağı Çita şəhərinin mağaza və kafelərinə satıb”, - cinayət işinin materiallarında deyilir. Axtarış zamanı sexdə və Sadıqovun evində 4 tondan çox spirt və araq istehsalı üçün xüsusi avadanlıq aşkar edilib.

Məhkəmənin qərarı ilə Elçin Sadıqov 3 il müddətinə azadlıqdan məhrum edilib və 40 min rubl cərimələnib. Onun qardaşı oğlu növbəti 2 il 1 ayı dəmir barmaqlıalar arxasında keçirəcək. Digər iki kişi hərəsi 2 il 1 ay, qadın isə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Criminal.az