Əli İnsanovu həbsdə saxlayan səbəb...

 Əli İnsanovu həbsdə saxlayan səbəb...

Sərdar Cəlaloğlu: “O bilmir ki, demokratiya nədir, onun demokratlara münasibəti nifrətdən ibarətdir”

 
Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun həbs müddəti iki ay artırılması onunla bağlı yeni müzakirələrin açılmasına səbəb olub. Ötən ilin avqustundan etibarən, yəni daha əvvəlki 11 illik cəzasının başa çatmasına iki ay qalmış üç əlavə cinayət maddəsi ilə ittiham olunan İnsanova iqtidarın radikal münasibətinin səbəbləri maraq doğurur. 
 
İddialar var ki, İnsanov hakimiyyətin irəli sürdüyü şərtləri qəbul etmədiyinə görə həbsdə saxlanılır. 
 
“Yeni Müsavat”ın ötən saylarında sabiq nazir qarşısında hansı şərtlərin irəli sürülməsi barədə yazı dərc olunmuşdu. Həmin yazıda iki- sabiq nazirin azadlığa çıxdıqdan sonra ya siyasətlə məşğul olmaması ya da ölkəni tərk etməsi ilə bağlı şərtlərdən söz açılırdı. İnsanovun şərtləri qəbul etmədiyi üçün barəsindəki həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir. 
 
Sabiq nazirin azad edilməməsinə səbəb kimi göstərilən arqumentlər təkcə bundan ibarət deyil. Belə iddialar da var ki, onun hələ 2005-ci ildə həbs olunduqdan sonrakı davranışları, xüsusilə, məhkəmə prosesləri zamanı hakimiyyətin yüksək rütbəli şəxslərini hədəf almasına, onlar barəsində aşağılayıcı fikirlər səsləndirməsinə görə ondan qisas alırlar. Bir növ onun vaxtı ilə dediklərinin “bədəlini” ödədiyi vurğulanır. 
 
Hakimiyyətin onun nüfuzundan çəkindiyinə görə sabiq məmurunu həbsxanada saxladığını deyənlər də az deyil. Belə iddialar səslənir ki, müxalifətin tamam iflic olduğu bir vaxtda İnsanov azadlığa çıxarsa, qısa müddətdə iqtidarın əsas alternativi ola bilər. Hətta siyasi partiyaların onun  ətrafında birləşmə ehtimalları da yüksək dəyərləndirilir. Çünki sabiq nazirin qərbi azərbaycanlılar arasında müəyyən nüfuzu var, eyni zamanda, geniş maliyyə imkanlarına malikdir. Bu cəhətdən sıxıntı yaşayan müxalifətin uğur şanslarını İnsanov üzərində sınayacaqları barədə deyilənlərdə həqiqət payı olmamış deyil. 
 
Image result for ADP sədri Sərdar Cəlaloğlu
 
ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, İnsanovdan qisas alınır: “Vaxtı ilə o hakimiyyət iddiasına düşüb. Eyni zamanda, Fərhad Əliyevlə birləşib hakimiyyətə qarşı açıq işlər aparıb. İndi bunun qisasını alırlar. Amma onu da qeyd etmək lazımdır ki, artıq ondan qisası artıqlaması ilə alıblar, indi bir növ həddi keçirlər. Bunun da səbəbi İnsanovun həbsxanadan göndərdiyi bəyanatlardır. Azadlığa çıxdıqdan sonra hakimiyyətə qarşı açıq şəkildə müxalifət olacağını iddia edir. Amma düşünmürəm ki, İnsanovun bizim kimi müxalifət olacağına iqtidar inansın. Hakimiyyətin qorxusu ondan ibarətdir ki, İnsanov azadlığa çıxdıqdan sonra bizim kimi deyil, iqtidarla onların özü kimi mübarizə apara bilər. Çünki o da bu iqtidarın daxilindən çıxan şəxsdir. İnsanov bu hakimiyyətdən qisas almağa çalışacaq. Ona görə də mümkün qədər İnsanov məsələsini uzadırlar. Bir şeyi unutmaq olmaz ki, İnsanov azadlığa çıxdıqdan sonra müxalifət olacaqsa, YAP ruhunda olan müxalifət olacaq. O müxalifətə keçsə də, demokratik müxalifətin təmsilçisi olmayacaq. Çünki İnsanov siyasətçi kimi YAP-ın sıralarında formalaşıb. O bilmir ki, demokratiya nədir, onun  demokratlara münasibəti nifrətdən ibarətdir. İnsan həbsxanaya düşən kimi demokrat olmur. Demokratiya insanın mahiyyətində olmalıdır. Amma onun müxalifətdə olması normaldır. Radikal bir müxalifət kimi ortalığa çıxa bilər. İqtidar da bundan həqiqətdən qorxur. Həm öz taleyi, həm də cəmiyyətin maraqları baxımından qorxur”.
 
ADP sədri sabiq nazirin gücündən də söz açdı: “Onun ilk növbədə, kifayət qədər pulu var. Biz müxalifətin zəif olmasına səbəb hökumətin bizi iqtisadi blokadaya almasıdır. Biz hamımız bilirik ki, İnsanov nazir olanda korrupsiya ilə məşğul olub və kifayət qədər pulu çoxdur. Milyonlarla dollar vəsaiti var. Bundan əlavə, o, qərbi azərbaycanlıların liderlərindən biridir. Bu gün hakimiyyətdən narazı olan qərbi azərbaycanlılar qısa müddətdə onun ətrafında birləşəcəklər. Eyni zamanda, nəzərə alaq ki, bu şəxs titullu bir simadır, elmlər dokturudur, alimdir. Hakimiyyətdən narazı olan ziyalılar da onun ətrafında birləşə bilərlər. Heydər Əliyevin vaxtında o ən radikal YAP-çı idi. Onun radikal olması və yuxarıda qeyd etdiyim amilləri özündə birləşdirməsi onun qısa vaxtda Azərbaycan iqtidarı üçün çox ciddi problemlər yaratmaq imkanlarının olduğunu ortalığa qoyur”.
 
Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum edilib.
 
Ötən ilin avqustunda azad olunmasına iki ay qalmış İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1, 315.2, 317-2.1-ci maddələri ilə cinayət işi başlanıb. Bu maddələr üzrə onu 10 il 6 ay həbs cəzası gözləyir. 
 
Criminal.az