'İsrailli bloqqer Azərbaycana təhvil verilə bilər'

'İsrailli bloqqer Azərbaycana təhvil verilə bilər'

«Azərbaycan tərəfinin müraciəti qanuni cəhətdən əsaslı olduğu halda Alexander Lapshin-in Azərbaycana təhvil verilməsi istisna olunmur». APA-nın xəbərinə görə, Belarusun Azərbaycandakı səfiri Gennady Akhramovich bloqqer Alexander Lapshin-in Azərbaycanın müraciəti əsasında saxlanması və ekstradisiyasını şərh edərkən belə deyib.

«İnsan açıq-aşkar qanun pozuntusuna yol verib və onun günahı sübut olunubsa, o zaman Belarus tərəfi müraciət edənin istəyinə müsbət reaksiya verir», - deyən səfir diplomatik təcrübəsində bir neçə dəfə belə halla üzləşdiyini qeyd edib. Qarabağa səfər etmiş israilli bloqqer Azərbaycanın tələbi ilə Belarusda saxlanıb. Azərbaycan tərəfi onu qanun pozuntusunda ittiham edir.

 Baş Prokurorluğun bununla bağlı məlumatında bildirilir ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Alexander Lapshin Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə cinayət əlaqəsinə girib. «Dövlət sərhədi haqqında», «Pasportlar haqqında» qanunlar kobud surətdə pozulub. «A.Lapshin səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd edib. Bu il aprelin 6-sı və iyunun 29-u tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin «müstəqilliyini» dəstəkləməklə, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib», - prokurorluğun məlumatında bildirilirdi.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində bununla bağlı Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə cinayət işi başlanıb. Hazırda A.Lapshin-in Azərbaycana ekstradisiya olunması ilə bağlı tədbirlər görülür. Ancaq İsrail hökuməti bloqqerin ekstradisiya məsələsinə müsbət yanaşmır. İsrailin «The Times of Israel» qəzetinin yazdığına görə, bunu bu ölkənin Xarici İşlər Nazirliyinin rəsmisi də açıqca dilə gətirib. İsrailin Xarici İşlər Nazirliyi rəsmilərindən birinin yerli «Haaretz» qəzetinə dediyinə görə, bloqqerin ekstradisiyası məsələsi münasibətləri ciddi şəkildə korlaya bilər. 

Criminal.az




Loading...


loading...
Loading...
loading...