''O, Rüfəti təxribata çəkməyə çalışır'' - VİDEO

''O, Rüfəti təxribata çəkməyə çalışır'' - VİDEO

 Siyasi bəyanatla prokurorluq orqanlarından istefa verəndən sonra həbs olunan keçmiş müstəntiq Rüfət Səfərovun atası oğlunun həyatına təhlükə yarandığını deyir. Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, vaxtilə YAP-dan deputat olmuş Eldar Sabiroğlu bu barədə bəyanat yayıb.

O bildirir ki, oğlu barəsində apellyasiya məhkəməsinin qərarı da xeyli əvvəl çıxarılıb və hökm qüvvəyə minib, amma Rüfəti istintaq təcridxanasından cəzaçəkmə müəssisəsinə köçürmürlər. Üstəlik, təcridxanada onun yanına on illərlə məhkumluq həyatı yaşamış adam salınıb ki, o da Rüfəti təxribata çəkməyə çalışır.

«YENİDƏN İŞ AÇMAQ İSTƏYİRLƏR»

Eldar Sabiroğlu deyir ki, oğluna qarşı mümkün təxribat ehtimalı ilə əlaqədar Penitensiar Xidmətə də rəsmi şəkildə müraciət edib. Amma Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən ona cavab verilib ki, narahatlığa əsas yoxdur. Amma Eldar Sabiroğlu buna əmin deyil. «Ya Rüfətin həyatı üçün hansısa təxribat hazırlanır, ya da kamerada insident yaradıb, ona yenidən iş açmaq istəyirlər. Başqa nə fikirləşmək olar? Oğlumun taleyindən ciddi şəkildə narahat olduğumu bəyan edir, Ədliyyə Nazirliyinin rəhbərliyindən qanunsuz vəziyyətin aradan qaldırılması üçün təcili tədbirlər görməyi xahiş edirəm», – Eldar Sabiroğlu bəyanatda bildirir.

Penitensiar Xidmətdən bu deyilənlərə münasibət almaq, hələlik, mümkün olmayıb.  

XATIRLATMA

Rüfət Səfərov 2015-ci il dekabrın 20-də ölkədəki qanunsuzluqlara və insan haqlarının pozulmasına etiraz olaraq Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib. İstefanın ardınca həmin prokurorluqda yoxlama və onun yaşadığı kirayə mənzildə axtarış aparılıb. Yanvarın 15-də Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvətalma) maddəsi ilə ittiham irəli sürülüb və Rüfət Səfərov həbs olunub. Bir həftə sonra - yanvarın 22-də Binəqədi Rayon Məhkəməsi keçmiş müstəntiq barədə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatəti təmin edib. Bu il sentyabrın 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsi Rüfət Səfərova 9 il həbs cəzası kəsib. Keçmiş müstəntiq ittihamların uydurma olduğunu, siyasi baxışlarına, hökumətin ünvanına tənqidi fikirlərinə görə cəzalandırıldığını bildirir. 

Criminal.az