''Qaraçı'' ləqəbli kriminal avtoritetin cəzası 5 il azaldıldı

''Qaraçı'' ləqəbli kriminal avtoritetin cəzası 5 il azaldıldı

Bu gün Bakı Apelyasiya Məhkəməsində Rusiyada qətl törətməkdə təqsirləndirən Elmir Məmmədovun cəzasının Azərbaycan qanunvericiliyinə əsasən tənzimlənməsi barədə qərardan verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. “Qafqazinfo” Teleqraf.com-a istinadən xəbər verir ki, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara görə, Elmir Məmmədovun cəzası azaldılıb. Ona verilən 20 il azadlıqdan məhrumetmə cəzası 15 ilə endirilib. Elmir Məmmədov Rusiya Federasiyasının Cinayət Məcəlləsi ilə qəsdən adam öldürmə, qanunsuz silah gəzdirmə maddələri ilə ittiham olunub. O, Rusiyada 21 il müddətinə azadlıqdan məhrum edilib. Elmir Məmmədov daha sonra Azərbaycana təhvil verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində onun cəzasının Azərbaycan qanunvericiliyinə əsasən tənzimlənməsi barədə iddia üzrə məhkəmə prosesi keçirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Elmir Məmmədovun cəzası Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılıb, ona 20 il həbs cəzası verilib. Qərardan narazı qalan məhkum apelyasiya şikayəti verib. Xatırladaq ki, Elmir Məmmədov kriminal aləmdə “Tsıqan” (Qaraçı) ləqəbi ilə tanınır. 

Criminal.az