“Vurmaq istəmirdim, söyüş söydü, öldürdüm” - VİDEO

“Vurmaq istəmirdim, söyüş söydü, öldürdüm” - VİDEO

Mişar üstündə qan tökən məhkumun acı etirafları.

"Bacılarıma qardaşlıq borcumu ödəyəcəm" ARB TV-nin "Rezonans" verilişinin budəfəki qəhrəmanı 25 yaşlı Turqay Bədəlovdur. O, 25 illik ömrünün 2 ilini həbsxanada keçirib. 11 il 6 ay isə çəkiləcək cəzası qalıb. Əslən Gürcüstanlıdır. Ailəsi də bu üzdən yanına tez-tez gəlib-gedə bilmir. Turqay həbsxanaya düşməsindən belə söz açıb:

"2014-cü ildə Bakıya köçdüm. Yerli şirkətlərin birində qapı ustası kimi işə başladım. Bir nəfərlə tanış oldum, dostlaşdıq. Sonra məni evinə ad günü tədbirinə dəvət etdi. Birlikdə yeyib-içdik. Evə qayıdanda gördüm ki, mişarımı onlarda unutmuşam. Səhər işə gedəndə gedib mişarımı götürmək istədim. Aramızda anlaşılmazlıq yaşandı. Daha sonra o, söyüşə keçdi. Söyüşünə cavab verdim, amma o bıçaq götürüb üzərimə şığıdı. Bıçağı bunun əlindən alanda barmaqlarım kəsildi. Onun çəkilməsi üçün bıçaqla vurmaq istədim, vurdum da. Özüm də bilmədən 2 bıçaq zərbəsi vurdum. Bilmədim harasına dəydi, amma öldü. Peşmanam, onu öldürmək fikrim yox idi".

Turqay həbs olunmasını bir müddət yaxınlarından gizlədib, onlar Turqayın həbs olunmasını sonradan biliblər: "Ailəmə bunu deyə bilmədim. Qohumlarım televiziyada məni görüblər, bilirlər ki, tutulmuşam. Bacım gəldi yanıma. Sonradan əmilərim də gəldi. Onlar tez-tez gələ bilmirlər. Gürcüstanla buranın arası çoxdur. İndi istəyirəm ki, məni Gürcüstana göndərsinlər və cəzamı orada çəkim. Ailəmə daha yaxın olum. Burdan çıxan kimi ilk işim bacılarıma qardaşlıq borcumu ödəmək olacaq".

O, həbsə düşəndən sonra ətrafında olan "dost"larının da ondan uzaqlaşdıqlarını bildirib: "Dost dediklərimin hamısı yoxa çıxdı. Dünənə kimi bir süfrədə oturub çörək kəsdiyimiz şəxslər bu gün mənə üz çevirir. Yaxşı günümdə yanımda olub, pis günümdə yaxın durmurlar. Elələri var ki, bilirlər hansı həbsxanadayam, amma axtarmırlar". 

Criminal.az