Zibillikdən tapılan heroin, yoxsa...

Zibillikdən tapılan heroin, yoxsa...

Elnur Məmmədov 26 iyun 2016-cı ildə yaşadığı binanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılıb. Ona üzərinə baxış keçiriləcəyi barədə təklif olunduqda şalvarının cibindən bir ədəd selofon bükümdə, ümumi çəkisi 3,247 qram olan heroini polislərə təqdim edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində 37 yaşlı Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Mirzə Xankişiyev sədrlik edib.

Təqsirləndirilən Elnur Məmmədov günahsız həbs olunduğunu, narkotik maddənin ona məxsus olmadığını, polis əməkdaşlarının ona qarşı qurduqları oyun olduğunu deyib: “İttihamları qəbul etmirəm. Hamısı şər və böhtandır. Heç vaxt narkotik vasitədən istifadə etməmişəm. Ümumiyyətlə, narkotik maddə görməmişəm”.

E.Məmmədovun ifadəsinə görə, saxlanılan gün üç nəfər mülki geyimli şəxs yaşadığı binanın girişində ona yaxınlaşıb, onlarla birlikdə getməyi təklif ediblər. Həmin vaxt ailə üzvləri də yanında olub. Həyat yoldaşı və azyaşlı uşağını evə ötürüb sonra onlarla gedəcəyini deyib. Amma zorla maşına otuzdurub aparıblar: “Məni nə səbəbə gətirdiklərini, təqsirimin nə olduğunu soruşdum. Qarşıma narkotik maddə qoydular və mənə məxsus olduğunu dedilər. Etiraz etdim, heç bir sənədə imza atmayacağımı bildirdim. Fiziki və mənəvi təzyiq göstərdilər. Bilsəydim ki, işgəncə verməklə əl çəkəcəklər, ölənə qədər dözərdim. Amma ailəmlə hədələdilər. Dedilər ki, etiraf etməsən, narkotik evindən “çıxacaq”. Ona görə də, məcbur olub dedim ki, nə yazsalar imzalayacağam. Razılaşdıqdan sonra soruşdum ki, narkotiki haradan aldığımı necə izah edim. “Deyərsən ki, zibil yeşiyinin yanından tapmısan” cavabını verdilər”.

Prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

E.Məmmədovun vəkili Rəna Məmmədova müdafiə nitqi ilə çıxışı edib. Vəkil müvəkkilinin əməlində cinayət tərkibinin olmadığını deyib, onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib: ”Saxta ittiham qurulub, istintaq ona qarşı qərəzli olub. Saxlanılarkən ailə üzvləri yanında olub, sarsıntı keçirib, “bandotdel”ə aparılıb. Müdafiə etdiyim şəxs ictimai faydalı əməklə məşğul olub. Onun narkotik vasitələrin istifadəsinə ehtiyacı olmayıb. Elnur Məmmədov barəsində bəraət hökmünün çıxarılmasını xahiş edirəm”.

Təqsirləndirilən E.Məmmədov son söz demək təklif olunub. O, vəkilinin çıxışı ilə razılaşdığını, əlavə sözünün olmadığını bildirib.

Bundan sonra məhkəmə kollegiyası müşavirəyə yollanıb. Qısa müşavirədən sonra hökm elan olunub.

Hökmə görə, E.Məmmədovun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif olunub və məhkəmənin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. 

Criminal.az




Loading...


loading...
Loading...
loading...

Oxşar xəbərlər